1. Dilənçi Eisha. 2014-cü ildə ölən “Eisha xala” ləqəbli suriyalı dilənçi qadının sərvəti hamını şoka saldı. Əvvəllər o, anası və bacısı ilə birgə dilənçilik edib. Elə ki, anasıyla bacısı ölür, Eisha tək qalır. Bu təklik onda yeni vərdiş əmələ gətirir, əlinə keçən bir qəpiyi belə yığmağa çalşır. 1990-cı illərin sonunda o, əlindəki pullarla qızıl almağa başlayır. Eisha öləndən sonra məlum oldu ki, onun 12 ədəd qızıl külçəsi varmış... Bundan əlavə, Eishanın 4 ayrı-ayrı binada mənzilləri olduğu da aşkarlanır. Sən demə, bu mənzillərdə onun uşaqları yaşayır. Ölməzdən bir az qabaq tanışları ondan soruşub ki: “Eisha xala, varlısan, niyə dilənçilik edirsən?” 100 yaşlı qadının cavabı belə olur: “Qara gün üçün pul yığıram...” Sonradan hesablanıb ki, Eisha xaladan qalan qızıl külçələrin ümumi dəyəri 1 milyondan çoxdur.
2. Bharat Jain. Hindistan da dilənçidən bol ölkədir. Bunlardan çoxu qazandığı pulları gizlətməkdə mahirdi. Bharat Jain adlı bu adam bir günə 70 min hind rupisi qazanıb. Bizim pula çevirəndə, onun bir aylıq qazancının 125 min manat olduğuna inana bilirsinizmi? Hindistandakı bir çox yüksək rütbəli məmur belə bir ayda Jainin qazandığını qazanmadığını etiraf edib. Ən maraqlısı isə budur ki, Jain həmişə evsizlər siyahısında olub. Sən demə, onun lüks binalardan birində mənzili varmış. Həmçinin, mənzilinə yaxın yerdə kirayə verdiyi dükanı da olub. “Niyə dilənçilik edirsən?” sualına Jainin cavabı çox maraqlıdı. O, deyib: “İki uşağım var. İstəyirəm ki, onlar xüsusi məktəbdə oxusunlar.” Bharat Jainin hekayəsi bütün dünya mətbuatında sensasiyaya səbəb olub. O, “Hindistanın ən varlı dilənçisi” statusuna layiq görülüb.
3. Sambhaji Kale. Dilənçilərin qazandığı pulla iş qurması, həqiqətən, inanılmazdır. Bu adam bir gündə dilənçiliklə min dollar qazanır. Amma, o, özünə gün ağlamağı bacarıb. Əvvəlcə torpaq sahəsi alıb icarəyə verib. Sonra da ard-arda iki qəşəng ev tikdirib, içinə də əcnəbi kirayəçilər yerləşdirib. Özü isə diləndiyi məhəllədə, kiçik bir bina evində yaşayır.
4. Sarvatia Devi. Hindistanda əhali sayına görə polis azdır. Bu da öz növbəsində dilənçilərin sayının günbəgün artmasına səbəb olur. Sarvatia Devi də polisdən qaçmağı bacaran dilənçilərdəndir. Bu qadın haqqında nə qədər danışsaq yetməz. Üzünə baxanda yazığınız gələr, cibinizdəki sonuncu qəpiyi də çıxarıb ona vermək istəyərsiniz. Amma, o, lüks villada yaşayır. Hətta, bu villanı sığorta da etdirib, hər ay vaxtlı-vaxtında dilənib yığdığı pullarla sığorta pulunu ödəyir.
5. Professor İrvin Corey. Həm aktyor, həm də professor olan bu adam Hollivudda olduqca məhşurdu. Qazancı rəsmi olaraq, bir günə 200-300 dollar hesablanıb. Bu qədər pula sahib olan və 3,5 milyon dollarlıq villada yaşayan 97 yaşlı İrvinin dilənməyi bəzilərini heyrtələndirib, bəzilərində isə ikrah hissi yaradıb. Amma, sonradan məlum olub ki, o, qazandığı bütün pulları Kubadakı uşaq hüquqlarının müdafiəsi cəmiyyətinə bağışlayır... Vudi Allenin bir çox filmlərində rol alan İrvin arvadının ölümündən sonra dilənməyə başlayıb. Ondan dilənməyinin səbəbini soruşanda deyib: “Tənhalığıma çarə axtarıram...”
6. Hindistanın “adsız diləçisi”. Bir gün hind polisi naməlum meyid aşkarlayır. Araşdırma başlayır. Kimliyi təyin olunanda məlum olur ki, ölən adam dilənçidir. Amma... Müxtəlif banklarda hesabları var və bu hesablardakı pullar altısıfırlıdır... Araşdırmalar zamanı heç bir varisi tapılmadığına görə pullar dövlət hesabına keçib və dilənçinin adı rəsmi olaraq açıqlanmayıb.
7. Massu. 1960-cı illərin “ən səliqəli dilənçisi” ləqəbini daşıyan Massu həmişə öz geyimi ilə məsləkdaşlarından fərqlənirmiş. Lakin, yığdığı pulların miqdarı artdıqca o da əsl dilənçi kimi görünməyə çalışıb, köhnə-kürüş geyinib və malik olduğu ləqəbi itirib. Massunun sərvəti də ölümündən sonra aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, xüsusi mülkdə yaşayan Massu daha iki evini də kirayə veribmiş.
8. Fatma Muhammed Osman. Bu qadın fiziki cəhətdən əlil olub və 1982-ci ildən Beyrutda köhnə bir avtomobildə yaşayıb. Əlilliyinə görə insanlar həmişə ona kömək edib. Bəziləri onun ümumi hamama gedib-gəlməyinə yardımçı olub, bəziləri də bişirdiyi yeməkdən bir qab ona pay ayırıb. Bu ilin mayında ölən Fatmanın bank hesabından 5,5 milyon dollar, yatdığı maşından da 4 min dollar tapılanda məhəllə sakinləri mat qalıb. Onlar deyiblər ki: “Bu cür varlı bir qadına kömək etdiyimiz ağlımızın ucundan da keçməzdi...”
0 Comments